Qalxanları endirənlər: PUA-lara qarşı hansı mübarizə vasitələri var? | ARAŞDIRMA

      Qalxanları endirənlər:    PUA-lara qarşı hansı mübarizə vasitələri var?    | ARAŞDIRMA
  06 Fevral 2025    Oxunub:339
PUA-lardan müdafiə vasitələri ilə bağlı araşdırmanın ikinci hissəsini təqdim edirik. Yazının əvvəlini buradan oxuya biləriniz.

PUA-lara qarşı digər vasitə onun siqnallarını pozmaq üçün yüksək güclü elektromaqnit və mikrodalğalı silahlardır. Radioelektron əks tədbirlər PUA-nı sıradan çıxarmaq üçün GPS ilə idarəetməyə mane olmaq və onun uçuşunu istiqamətləndirmək üçün istifadə edilə bilər. Süni zəkanın komanda-nəzarət sisteminə qoşulması, aşkarlanması, identifikasiyası və təsnifatını daha dəqiqləşdirmək üçün işlər görülür. Əsas problem mikro və mini PUA-ların aşkarlanması ilə bağlıdır.
Fransa

2019-cu ildə MBDA şirkəti “Licorne” komanda-idarəetmə sisteminin PUA-lara qarşı qabiliyyətini nümayiş etdirdi. Bu sistem hava təhdidlərinə qarşı “Mistral” raketlərindən istifadə edir. “Communications & Systèmes” adlı şirkət də Fransa ordusuna “Arlad” adlı PUA əleyhinə iki sistem təqdim edib. Bu texnologiyanın ordu bazalarını və səyyar bölmələri qoruya biləcəyi iddia edilir. Sistem sınaqlar zamanı ənənəvi 12.7 mm-lik pulemyotlardan və 40 mm-lik sursatlardan istifadə edərək, hədəfləri məhv edib.

Uğurlu sınaqdan sonra layihəyə dövlət tərəfindən ayrılan vəsait artırıldı. Fransızlar PUA-lara qarşı mübarizədə İsveçin “Saab” şirkəti tərəfindən hazırlanan “Giraffe” radarlarından da istifadə etməyi planlaşdırırlar. Bundan başqa, PUA-ları ələ keçirmək, sıradan çıxarmaq və ya partlatmaq üçün 15 kq faydalı yük daşıyan dronları sınaqdan keçirib.

“Communications & Systèmes” 2018-ci ildə “Boreades” sisteminə əsaslanaraq, Fransız silahlı qüvvələrinə 30 REM vasitəsi ilə dron əleyhinə 18 “Milad” sistemi təhvil verdi. Şirkət hazırda müxtəlif PUA-ları izləmək və zərərsizləşdirmək üçün ümumi komanda-idarəetmə sistemi üzərində işləyir. Bu sistem bir neçə PUA-nı izləmək və zərərsizləşdirmək üçün qarşılıqlı fəaliyyət göstərəcək radarları və digər cihazları birləşdirəcək.

Fransanın “Ariane” kosmik raket qrupuna daxil olan “Cilas” şirkəti HELM-P adlı lazer silahını sınaqdan keçirib. Açıqlamada bildirilir ki, lazerin PUA-lara, raketlərə, artilleriya və minaatan mərmilərinə qarşı istifadəsi nəzərdə tutulur. Qurğu - radarı olan və dronu 3 km. məsafədən aşkar edən kompakt sistemdir. Asanlıqla quraşdırılır və istənilən yerüstü nəqliyyat vasitəsilə daşına bilir. Tuşlama sistemləri 2 kVt lazer gücünə malikdir.

Tuşlama sistemi uçan aparatı aşkar etdikdən sonra trayektoriyasını hesablayır və lazeri yönəldir. Bu sistem dronu həm yandıra, həm də optikanı sıradan çıxararaq “kor” edə bilir.

HELMA-P çoxməqsədli sistemi üçün yüksək enerjili lazerin yaradıcısı “Compagnie Industrielle des Lasers” şirkətidir. Bu system kəşfiyyat və hücum dronlarından müdafiə üçün yaradılıb.

Fransa donanmasının yeni inşa edilən dörd köməkçi gəmisi 40 mm-lik “RapidFire” silahları ilə təchiz edilib. Bu silah da PUA-ları zərərsizləşdirmək üçün nəzərdə tutulub.



İsrail

“Israel Aerospace Industries” (IAI) şirkəti Pilotsuz Uçuş Aparatlarına qarşı müdafiə sistemlərini Birləşmiş Ərəb Əmirliklərinin EDGE silah istehsalçısı ilə birlikdə inkişaf etdirir. Yeni sistemin PUA əleyhinə vasitələr bazarında ciddi yer tutacağı gözlənilir.

İsrailin Müdafiə Nazirliyinin araşdırma və inkişaf departamentinin “Elbit Systems” konserni ilə birgə keçirdiyi testlər zamanı HPL-WS (High Power Laser Weapon System) lazer silahı müxtəlif hündürlükdə və uzaqlıqda olan PUA-ları effektiv şəkildə zərərsizləşdirib. Yayılan kadrlarda silahın insansız təyyarənin bortunda deşik açdığı aydın görünür.

İsrail lazer silahını “Dəmir Qübbə” kompleksinə əlavə etməklə ölkənin Hava Hücumundan Müdafiə Sistemini tam komplektləşdirməyi planlaşdırır. Yeni lazer silahının 2025-ci ildə silahlanmaya daxil ediləcəyi gözlənilir.

ABŞ

Yüksək enerji ilə qidalanan və aviasiya əleyhinə istifadə oluncaq lazer sistemləri əsasən ABŞ-da inkişaf etdirilir. HEL-MD (High Energy Laser Mobile Demonstrator) lazer silah sistemləri yeni hərbi texnologiyalar sahəsində tədqiqatların və kəşflərin əsas istiqamətidir.

2011-ci ilin noyabrın 18-dən dekabrın 10-a qədər davam edən ilkin sınaq zamanı HEL-MD lazer qurğusu uğurlu nəticələr göstərərək, havada hərəkətdə olan hədəfləri uğurla məhv etdi.

2017-ci ilin martında “Lockheed Martin” şirkəti layihə gücü 60 kilovatt olan döyüş lazerini sınaqdan keçirdi. Sınaq zamanı qurğunun ölçülən lazer şüasının gücü 58 kilovata bərəbər olub. Sınaqlar zamanı tətbiq olunan yeni texnologiya lazerin enerji israfını 50% azaltmağa imkan verib.


Türkiyə

Terror təşkilatlarının kamikadze PUA-larından istifadəsinin sürətlə artması ilə əlaqədar PUA əleyhinə vasitələrə artan tələbatı nəzərə alan Türkiyə müdafiə sənayesi şirkətləri PUA ilə bərabər onların əleyhinə sistemlər də inkişaf etdirir. Bunların arasında “Koral” REM kompleksi xüsusi yer tutur.

ASELSAN şirkəti tərəfindən istehsal olunan “Koral” kompleksi mobil şassi üzərində quraşdırılır. Onun əsas təyinatı rəqibin radioelektron vasitələrinə maneələr yaratmaq və funksiyalarını yerinə yetirməsini əngəlləməkdir. “Koral” kompleksinin tərkibinə hər biri 8×8 təkər formuluna malik şassi üzərinə quraşdırılan bir ədəd Elektron Dəstək Sistemi və dörd ədəd Elektron Müdaxilə Sistemi daxildir. Kompleks NATO standartlarına uyğundur.

Elektron Dəstək Sistemi kompleksin axtarış və aşkarlama funksiyalarını, Elektron Müdaxilə Sistemi isə düşmənin elektron sistemlərinin fəaliyyətini əngəlləmək funksiyasını yerinə yetirir.

"Koral" ilə birliktə istifadə olunan “Planlaşdırma və Analiz” proqramlarının mövcudluğu REM əməliyyatlarında vacib əhəmiyyət daşıyır. Bu proqramın sayəsində əməliyyat bölgəsinə aid məlumatlar əvvəlcədən sistemə daxil edilir. Əməliyyat zamanı siqnalların detallı analizi aparılır, sistemdəki “yaddaş kitabxanası” daim yenilənir.

Rəqib ölkələrin HHM sistemlərinə ciddi problemlər yarada bilən “Koral” kompleksi Rusiyanın S-400 ZRK-sına qarşı güclü təsirə malikdir. Rusiyalı mütəxəssislər “Koral” kompleksinin S-400 ZRK-ların funksiyasının 30%-ni basdıra bildiyini etiraf edirlərsə, deməli, reallıqda göstərici daha yüksəkdir.

Türkiyə PUA-lara qarşı effektiv olan lazer silahını ilk dəfə 2018-ci ildə sınayıb. 2019-cu ildə TÜBİTAK və BİLGEM şirkətlərinin mütəxəssisləri yeni TÜMOL lazer qurğusunu hazırladılar. Bu qurğu Türkiyə Müdafiə Sənayesi İdarəsinin sifarişi ilə istehsal edilən milli “MPT-76” tüfənglərində quraşdırıla bilir. TÜMOL-dan başqa, Yüksək Güçlü Lazer Teleskopu (YGLT), avtomobilə quraşdırlan ARMOL lazer silahı da təqdim olunub. Silahın standart versiyası 300 vattdan 5 kilovatta qədər gücə malikdir. MPT-76 tüfənglərinə quraşdırılan TÜMOL hədəfi 150 metr məsafədə neytrallaşdırır, 250 metrədək məsafədə isə ciddi təlafat verir. Münasib və əlverişli hava şəraitində silah 1 kilometr məsafədə də hədəfə zərər vura bilər.

TÜMOL əldə hazırlanan partlayıcılardan tutmuş gəmilərə və PUA-lara qədər geniş diapazona qarşı ciddi təsir gücünə malikdir. Onun 22 mm-lik polad zirehi 500 metr məsafədən dəlməsini göstərən videoçarx gücünün 20 kVt qədər artırıldığını ehtimal etməyə əsas verir. Bu isə yüngül zirehli vasitələrin, gəmilərin polad korpusunu əritmək üçün kifayətdir. 20 kilovatt gücü 4 ədəd 5 kilovattlıq qida mənbəyini paralel birləşdirməklə əldə etmək mümkündür, lakin bu zaman onun daşınan deyil, sabit platformada yerləşdirilən versiyasından söhbət getməlidir. Açıq mənbələrdə bu barədə məlumatlara rast gəlinmir. 20 kilovatlıq lazer qurğusunun KOBRA avtomobilinə quraşdırlan ARMOL layihəsində tətbiq edildiyi ehtimal olunur.

2018-ci ilin iyun ayında ASELSAN şirkəti LSS "Laser Defense System" (Lazer Müdafiə Sistemi) adlanan lazer qurğusunu ictimaiyyətə təqdim etmişdi. Bu qurğu da kiçik dronları məhv etmək və minaları zərərsizləşdirmək üçün nəzərdə tutulur.

Lazer silahın döyüşdə ilk tətbiqi də Türkiyə Silahlı Qüvvələrinə məxsusdur. 2019-cu ildə Liviyada feldmarşal Xəlifə Haftara dəstək üçün Birləşmiş Ərəb Əmirlikləri tərəfindən göndərilən, Çin istehsalı olan “Wing Loong II” markalı pilotsuz vasitə ASELSAN istehsalı olan 50 kilovat gücündəki lazer silahı ilə məhv edilmişdi. İlk dəfə silahının hərbi texnikanı real döyüşdə məhv etməsi faktı Türkiyəyə aiddir.

ROKETSAN şirkətinin inkişaf etdirdiyi “Alka” sistemi də PUA təhdidləri ilə mübarizə üçün nəzərdə tutulub. Süni zəka vasitəsi ilə hədəfləri avtomatik aşkarlaya bilən “Alka” mini və mikro PUA-ları məhv edir.

Bəs Azərbaycanın PUA-lara qarşı hansı mübarizə vasitələri var? Bu suala növbəti yazıda aydınlıq gətirəcəyik.

AzVision.az -ın Analitik Qrupu


Teqlər: PUA   Anti-Pua   Dron   Anti-dron  





Xəbər lenti